GSMArena xəbər verir ki, "Huawei" Çində "Enjoy 100 Pro" və "Enjoy 100 Pro Max" smartfonlarını rəsmi olaraq təqdim edib. Hər iki model "Kirin 8000" seriyalı prosessorlar və "HarmonyOS 7.0" əməliyyat sistemi ilə işləyir, artıq ölkədə satışa çıxarılıb və dörd rəng variantında təklif olunur.
"Enjoy 100 Pro" 120 Hz yenilənmə tezliyinə malik 6,7 düymlük Full-HD+ OLED ekran, "Kirin 8020A" prosessoru və 512 GB-a qədər daxili yaddaşla təchiz olunub. Arxa paneldəki kvadrat formalı modulda f/1.8 diafraqmalı 50 MP-lik RYYB sensor, ön tərəfdə isə 32 MP-lik selfi kamerası yer alıb. Smartfon 40 Vt sürətli şarj dəstəyi olan 6100 mAh batareya ilə gəlir.

"Enjoy 100 Pro Max" isə 120 Hz tezlikli və 8000 nit maksimal parlaqlığa malik 6,84 düymlük OLED ekran, eləcə də 8800 mAh tutumlu batareya alıb. Şarj gücü eyni, 40 Vt olaraq qalır. 128 GB və 256 GB versiyalarda "Kirin 8020A", 512 GB-lıq modeldə isə "Kirin 8020" prosessoru istifadə olunub. Arxa kamera Pro modeli ilə eynidir, lakin ön kamera 8 MP-dir.
Qeyd edək ki, "Enjoy 100 Pro" modelinin qiyməti 1799 yuandan, "Enjoy 100 Pro Max" modelinin qiyməti isə 1999 yuandan başlayır. Hər iki smartfonda NFC, GPS, Bluetooth 6.0 və Wi-Fi dəstəyi mövcuddur.

Mənbə: GSMArena
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





