Wired xəbər verir ki, "Meta"nın kamerasız ağıllı eynəyi "Ray-Ban Meta Audio" nəşrin rəyində bazardakı ən yaxşı ağıllı eynək kimi qiymətləndirilib. Model video çəkmir, səsi isə yalnız süni intellekt çatbotundan istifadə zamanı qeydə alır və bu sorğular "Meta AI" tətbiqində saxlanılır.
Eynək "Burbank" və "Clubmaster" dizaynlarında təqdim olunub. Rəyçi çərçivələrin bir qədər qalın göründüyünü qeyd etsə də, modeli qaçış üçün ideal hesab edib: linzalar günəş işığına uyğun olaraq tez rəng dəyişir, dinamiklər isə musiqi ilə yanaşı ətraf səsləri də eşitməyə imkan verir.
Zənglərin keyfiyyəti yüksək qiymətləndirilib, həmsöhbətlər danışığın eynək vasitəsilə aparıldığını hiss etməyib. Bununla belə, səsin kənara yayılması və bas tezliklərinin zəifliyi çatışmazlıq kimi göstərilib. Canlı tərcümə funksiyası da mövcuddur, lakin onu işə salmaq üçün əvvəlcə "Meta AI" tətbiqinə daxil olmaq lazımdır.
"Burbank" modelinin çəkisi 43 qram, "Clubmaster"inki isə 47 qramdır. Batareya 12 saat işləyir ki, bu da eynəyi bütün gün taxmağa imkan verir. Rəyçi kameranın olmamasının ətrafdakılarda çəkiliş edildiyi barədə narahatlıq yaratmadığını da üstünlük kimi vurğulayıb.
Qeyd edək ki, kamera ilə təchiz olunmuş "Gen 3 Wayfarer" modelinin çəkisi 51,5 qramdır. Wired-in rəyçisi bu il çoxsaylı ağıllı eynəyi sınadığını, lakin öz pulu ilə almağa razı olacağı yeganə modelin "Ray-Ban Meta Audio" olduğunu bildirib.
Mənbə: Wired
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





