The Verge xəbər verir ki, "Ford" yeni nəsil ilk elektromobili olan "Fathom" pikapının ikitərəfli enerji ötürmə imkanlarını açıqlayıb. Qiyməti 28 min dollar olacaq avtomobil daxili invertor sayəsində 10 kVt-dan çox dəyişən cərəyan verə biləcək.
Artıq istehsalı dayandırılmış "F-150 Lightning" modelində bu funksiya üçün bahalı xarici divar invertoru tələb olunurdu. "Fathom"da isə invertor avtomobilin "E-box" adlı blokunda yerləşir. O, batareyanın enerjisini məişət cərəyanına çevirərək cihazları işlədə, elektrik kəsiləndə evi təmin edə və ya enerjini şəbəkəyə qaytara bilir.

Bununla belə, əlavə avadanlıq lazım olacaq. Şəbəkəyə enerji ötürmək üçün "Ford Home Power Station" tələb olunur və şirkət onun qiymətini 1310 dollarlıq "Ford Charge Station Pro" ilə müqayisədə 50 faiz aşağı salmağı hədəfləyir. Evin tam ehtiyat enerji ilə təmini üçün stansiya ehtiyat paneli ilə birlikdə qurulmalıdır: adətən 5205 dollara başa gələn bu dəstin qiyməti təxminən 3123 dollar olacaq. Yekun qiymətlər hələ açıqlanmayıb.
"Ford" həmçinin "PG&E", "AEP", "BC Hydro", "Consumers Energy" və "Exelon" enerji şirkətləri ilə razılığa gəlib. Onlar sənədləşməni sadələşdirmək, ümumi qoşucu və proqram təminatından istifadə etmək barədə ortaq qərar veriblər. Lakin icazələr, elektrik ustası və naqillər üçün əlavə xərclər qalır.

Qeyd edək ki, "Fathom" şirkətin yeni "Universal Electric Vehicle Platform" platformasında hazırlanan ilk avtomobil olacaq. 123 illik tarixə malik "Ford" bu layihəni özünün "Model T anı" adlandırır, avtomobilin rəsmi təqdimatı isə bir neçə aydan sonra gözlənilir.
Mənbə: The Verge
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





