9to5Google xəbər verir ki, son günlər bəzi "Pixel Watch" istifadəçiləri ağıllı saatlarının batareyasının gözlənildiyindən daha tez boşaldığını bildirib. Paylaşımlara əsasən, batareya bəzən bir neçə saat ərzində 20%-ə qədər azalır.

"Android Authority"nin diqqət çəkdiyi "Reddit" paylaşımlarından birində 65 şərh toplanıb və onların xeyli hissəsi eyni problemi təsdiqləyib. Bir istifadəçi "Pixel Watch 2"nin daimi ekran rejimi söndürülmüş halda adətən 48 saat işlədiyini, indi isə tam şarjla cəmi 12 saat davam gətirdiyini yazıb. Digər istifadəçi isə normalda 2,5 günə qədər işləyən "Pixel Watch 4"ün artıq bir gün belə dayanmadığını qeyd edib.

Bununla belə, bir çox istifadəçi heç bir fərq hiss etmədiyini bildirib. Problemin başlama vaxtı da fərqlidir: bəziləri bunu bir neçə gün əvvəl, digərləri isə daha əvvəl müşahidə etdiyini deyib.

Ehtimal olunur ki, səbəb son proqram təminatı yeniləməsi ola bilər. "Google"un "Pixel Watch 2" və daha yeni modellərə təqdim etdiyi 2026-cı il sentyabr yeniləməsi keçmiş söhbətlərdən, "Gmail" və "Calendar" kimi tətbiqlərdən istifadə edən "Gemini Personalization" funksiyasını gətirib. Avtomatik fəaliyyət izləməsi əlavə edən "Google Health" yeniləməsi də səbəb kimi göstərilir, lakin bu, "Pixel Watch 2"dəki problemi izah etmir.

Qeyd edək ki, "Google" hələlik problemi rəsmi şəkildə təsdiqləməyib və bununla bağlı açıqlama verməyib.