The Register xəbər verir ki, Böyük Britaniyanın rabitə tənzimləyicisi "Ofcom" 16 yaşdan kiçiklər üçün planlaşdırılan sosial şəbəkə qadağası çərçivəsində istifadəçilərin yaşını yoxlamaq üçün dörd üsul təklif edib. Tənzimləyici bildirib ki, bəzi yetkinlərin yaşı əvvəlki fəaliyyətlərinə əsasən müəyyən oluna bilər, lakin "çoxları" eyni yoxlama prosesindən keçməli olacaq.

Təklif olunan üsullar sırasında şəxsiyyət sənədindəki fotonun canlı təsvirlə müqayisəsi, bank məlumatları vasitəsilə yoxlama, rəqəmsal şəxsiyyət xidmətləri və üz cizgilərinə əsasən yaşın təxmin edilməsi var. "Ofcom" sonuncu üsulun bir neçə illik xəta payı olduğunu və tək başına kifayət qədər etibarlı olmadığını etiraf edib.

Tənzimləyicinin hesablamalarına görə, ölkədə 16-17 yaşlıların təxminən 94 faizinin foto ilə şəxsiyyət sənədi var, təxminən 150 min nəfərin isə yoxdur. "Big Brother Watch" təşkilatının direktoru Silki Karlo planı "arxa qapıdan milli şəxsiyyət sistemi" adlandıraraq onun onlayn anonimliyi aradan qaldıracağını bildirib.

"Ofcom" yoxlamalardan yayınma riskinin tamamilə aradan qaldırıla bilməyəcəyini qəbul edib və qadağa qüvvəyə mindikdən sonrakı ilk 12 ayda bu halları yaxından izləyəcəyini açıqlayıb. Qurumun rəhbəri Melani Dauz qadağanın gələn il qüvvəyə mindiyi zaman tələblərə əməl etməyən şirkətlərə qarşı sərt tədbirlər görüləcəyini deyib.

Qeyd edək ki, Avstraliya 2025-ci ilin dekabrında 16 yaşdan kiçiklər üçün sosial şəbəkə qadağası tətbiq edib, lakin uşaqların böyük hissəsi yoxlamaları keçməyin yollarını tapıb. Britaniya hökumətinin qadağa ilə bağlı ilk qaydaları ilin sonunadək açıqlaması gözlənilir.