The Verge xəbər verir ki, "Reddit" ana səhifədəki lentləri dəyişərək yeni təcrübə təqdim edib. Yeniliyə izlənilən icmaların paylaşımlarını göstərən "Following" lenti və maraqlara əsaslanan tövsiyələri əhatə edən "For You" lenti daxildir.

"For You" lentində istifadəçinin abunə olduğu icmaların paylaşımları ilə yanaşı, onun maraqlarına uyğun tövsiyələr də yer alır. Nəşrin müəllifi qeyd edib ki, lentdə abunə olmadığı, lakin son vaxtlar baxdığı icmaların paylaşımları da üst sıralarda görünür. Platforma istifadəçinin sonuncu dəfə hansı lentdən istifadə etdiyini yadda saxlayır və növbəti girişdə həmin lenti açır.

Şirkət bildirib ki, yeni lent təcrübəsi istifadəçilərə yeni ideyalar, əlaqələr, fərqli baxış bucaqları və maraqlar kəşf etməyə kömək etmək istiqamətində atılan ilk addımdır.

Paylaşımları "best", "hot", "new", "rising" və "controversial" kimi meyarlar üzrə sıralamaq istəyənlər üçün "Old Reddit" versiyası old.reddit.com ünvanında və ya tənzimləmələrdə əlçatan qalır. Lakin şirkət son vaxtlar bu versiyadan istifadə etməyənlər üçün girişi məhdudlaşdırmağı planlaşdırır.

Qeyd edək ki, "Reddit" bu ilin əvvəlində platformada populyar olan paylaşımları göstərən r/all bölməsini ləğv edəcəyini açıqlamışdı. Şirkət bu addımı platformanı sadələşdirmək və ana səhifə lentinin fərdiləşdirilməsini yaxşılaşdırmaq səyləri ilə əsaslandırmışdı.