The Register xəbər verir ki, ABŞ Müdafiə Kəşfiyyatı Agentliyinin (DIA) kosmik təhlükəsizliyə dair hesabatında Çinin gizli kosmik təyyarəsinin orbitdə çəkilmiş fotosu yer alıb. Görüntü 2024-cü ildə "Maxar Technologies" şirkətinin kommersiya peyki tərəfindən əldə edilib.
Hesabatda Çin, Rusiya, İran və Şimali Koreyanın ABŞ baxımından kosmik təhlükəsizliyə təhdid yaradan layihələri təsvir olunub. Foto əvvəllər də aşağı keyfiyyətdə yayılıb, lakin yeni görüntü daha çox detal göstərir. Mütəxəssislər aparatın ABŞ Kosmik Qüvvələrinin "X-37B" modelinə açıq-aşkar bənzədiyini qeyd ediblər.
DIA-nın məlumatına görə, Çinin ilk kosmik təyyarə missiyası 2020-ci ildə başlayıb və iki gün davam edib. 2022-ci ildə buraxılan ikinci aparat orbitdə 276 gün, 2023-cü ilin dekabrında buraxılan üçüncüsü isə 268 gün qalıb. Son iki missiyada orbitdəki obyektlərə yaxınlaşma və görüş sınaqları aparıldığı ehtimal olunur.
Hesabatda Rusiyanın bu sahədə "Buran" layihəsindən sonra az irəliləyiş əldə etdiyi bildirilib.
Qeyd edək ki, pilotsuz "X-37" 1999-cu ildə NASA layihəsi kimi başlayıb, daha sonra ABŞ Müdafiə Nazirliyinə keçib. Təkrar istifadə olunan "X-37B" ilk dəfə 2010-cu ildə buraxılıb, illərlə orbitdə qalaraq məxfi fəaliyyət həyata keçirə bilir və indiyədək səkkiz dəfə kosmosa göndərilib.
Mənbə: The Register
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





