Tom's Hardware xəbər verir ki, ABŞ Federal Rabitə Komissiyası (FCC) cihazları daxilindəki çiplərə əsasən qadağan etməyə imkan verən yeni qayda əsasında ilk dəfə iki məhsulun ölkədə satışını və reklamını qadağan edib. Söhbət avtomobil üçün videoqeydiyyatçı və simsiz video ötürücüdən gedir.
The Verge-ə istinadən bildirilir ki, hər iki cihaz üz tanıma alqoritmlərinə malik "HiSilicon Smart Vision" çipinə görə qadağan olunub. "HiSilicon" "Huawei"nin törəmə şirkətidir və o, ABŞ-ın milli təhlükəsizliyinə risk yaradan qurumların siyahısına, yəni FCC-nin "Covered List" siyahısına daxildir.
Söhbət gedən "Hi3516CV610 UHD Smart Vision" çipi müşahidə və kamera məhsulları, o cümlədən videoqeydiyyatçılar və simsiz CCTV sistemləri üçün nəzərdə tutulub. Çipdə Wi-Fi, Ethernet, video kodlaşdırma blokları, "Arm Cortex-A7" prosessoru və süni intellekt funksiyaları üçün neyron emal bloku (NPU) var. FCC-nin narahatlığı məhz NPU ilə bağlıdır: komissiya bunu siyahıdakı qurumların istehsal etdiyi "ağıllı" komponent kimi qiymətləndirir.
Qeyd edək ki, əvvəllər FCC qadağaları ayrı-ayrı məhsullara və ya brendlərə tətbiq olunurdu. Yeni qayda isə ABŞ-ın məhdudiyyət siyahılarındakı Çin istehsalçılarının hissələri ilə hazırlanıb başqa ad altında satılan məhsullar vasitəsilə qadağadan yayınmaq imkanını aradan qaldırmağa yönəlib.
Mənbə: Tom's Hardware
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





