BleepingComputer xəbər verir ki, "Socket" şirkətinin tədqiqatçısı John Tuckner "Chrome" brauzeri üçün 319 genişlənmənin iştirak etdiyi geniş miqyaslı axtarış oğurluğu kampaniyasını aşkarlayıb. Bu əlavələr ümumilikdə 13,4 milyon dəfə quraşdırılıb və istifadəçilərin axtarışlarını izləmə serverləri üzərindən "Bing" və "Yahoo"ya yönləndirərək reklam gəliri qazanıb.

Genişlənmələr PDF çeviricisi, təlimat axtarışı, təhlükəsiz axtarış və süni intellekt əsaslı axtarış alətləri kimi təqdim olunub. Onlar "Chrome Web Store"da yerləşsə də, mağazada axtarışda görünməyib və əsasən saytlardakı şübhəli reklamlar vasitəsilə yayılıb. Bir çoxu brauzerin daxili "chrome_settings_overrides" parametrindən istifadə etdiyi üçün demək olar ki, heç bir kod tələb etməyib.

Tədqiqatçının sözlərinə görə, risk yalnız reklam fırıldaqçılığı ilə məhdudlaşmır: operatorlar genişlənməni yeniləmədən son ünvanı istənilən vaxt dəyişərək istifadəçiləri fişinq saytlarına və ya zərərli yükləmələrə yönləndirə bilər. Məsələn, "Predator Search" genişlənməsində altı eyni axtarış dörd fərqli ünvanla nəticələnib.

Ən böyük aktiv qruplardan biri 37 genişlənmə və 2,2 milyon istifadəçidən ibarət "Bing-Search", digəri isə 58 genişlənmə və 4,9 milyon istifadəçisi olan "SecuryBrowse" olub. Hesabat dərc edilərkən genişlənmələrin əksəriyyəti mağazadan silinib, lakin yeniləri daim əlavə olunur. İstifadəçilərə siyahıdakı əlavələri silmək və sistemi tam antivirus yoxlamasından keçirmək tövsiyə edilir.

Qeyd edək ki, Tuckner 2025-ci ilin aprelində 6 milyon istifadəçisi olan 57 belə genişlənmə aşkarlamışdı. Yeni hesabatda daha 264 əlavə və 8,7 milyon istifadəçi müəyyən edilib. "Google" məsələ ilə bağlı hələlik şərh verməyib.