The Verge xəbər verir ki, "Microsoft" ABŞ, Böyük Britaniya, Kanada və Hindistanda təxminən 60 min əməkdaşına kompensasiya müqabilində könüllü olaraq işdən çıxmağı təklif edib. Bu, şirkətin bu qədər geniş işçi kütləsinə belə təkliflə ilk dəfə müraciət etməsidir.

Addım şirkətin süni intellekt infrastrukturuna qoyulan investisiyanı azaltmamaq üçün əməliyyat xərclərini və işçi sayını endirmək strategiyasının bir hissəsidir. Şirkət rəhbəri Satya Nadella hələ iki il əvvəl ümumi kadr xərclərinin azalacağını, hər işçiyə düşən xərcin və tədqiqatçılara ayrılan qrafik prosessor gücünün isə artacağını bildirib.

Mənbələrə görə, təklifin şərtləri şirkətin adi işdən çıxma paketinə demək olar ki, eynidir: iş stajına görə nağd ödəniş, səhmlərin sürətləndirilmiş verilməsi, əlavə tibbi sığorta dəstəyi və bir neçə aylıq karyera xidmətləri. Uyğun işçilər qərar vermək üçün dekabra qədər vaxta malikdir. Noyabr və yanvarda yeni ixtisarlar barədə də söz-söhbət gəzir.

Bu ilin əvvəlində təxminən 9 min işçiyə təqdim olunan təqaüd təklifini onların 30 faizdən çoxu qəbul etmişdi. Yeni təklifi hətta 5 faiz qəbul etsə belə, bu, 3 min nəfər deməkdir.

Qeyd edək ki, "Microsoft" bir neçə ay əvvəl əsasən "Xbox" və kommersiya satış komandalarından 4 800 işçini ixtisar edib. Şirkətin ümumi işçi sayı on ildə ilk dəfə azalaraq 30 iyun tarixinə təxminən 223 minə düşüb ki, bu da əvvəlki 228 min göstəricisindən 5 min az deməkdir.