TechCrunch xəbər verir ki, "Garena" şirkəti Hindistanda milli təhlükəsizlik səbəbindən qadağan edilmiş "Free Fire" oyununu dörd ildən çox fasilədən sonra ölkəyə qaytarıb. Oyunun yerli versiyası "Free Fire India" adı ilə ayrıca tətbiq kimi "Android" və "iOS" platformalarında təqdim edilib.

Yeni versiyada Hindistana xas məzmun, valideyn nəzarəti, oyun vaxtına və xərclərə limitlər yer alıb. Şirkətin bildirdiyinə görə, istifadəçi məlumatları Hindistandakı serverlərdə saxlanılacaq. "Garena" oyunu hazırlayarkən aidiyyəti dövlət qurumları ilə işlədiyini və onların rəylərini nəzərə aldığını açıqlayıb.

Şirkətin Hindistan üzrə əməliyyatlar rəhbəri Vaibhav Das Mundhra qeyd edib ki, "Free Fire MAX" da əlçatan qalacaq. Oyunçular hər iki oyunda eyni hesabdan istifadə edə, birlikdə oynaya və eyni tədbirlərdə iştirak edə biləcəklər. Lakin o, 2023-cü ildə planlaşdırılan buraxılışın niyə təxirə salındığı barədə suallara cavab verməyib.

Qeyd edək ki, "Free Fire" 2022-ci ilin fevralında Çinlə əlaqəli olduğu iddia edilən daha 53 tətbiqlə birlikdə qadağan edilmişdi. Bu qərardan sonra "Garena"nın sahibi olan Sinqapurun "Sea" şirkətinin bazar dəyəri bir gündə 16 milyard dollardan çox azalmışdı. "Sensor Tower" məlumatına görə, iyun ayında franşizanın Hindistanda aylıq aktiv istifadəçi sayı təxminən 77,4 milyon olub, rəqib "Battlegrounds Mobile India" üçün isə bu göstərici 20,8 milyon təşkil edib.