GSMArena xəbər verir ki, "Huawei" "Enjoy 100" smartfon seriyasını oktyabrın 28-də Çin vaxtı ilə saat 14:30-da təqdim edəcək. Seriya üçün ön sifarişlər artıq şirkətin onlayn mağazası, səlahiyyətli elektron ticarət tərəfdaşları və pərakəndə mağazalar vasitəsilə başlayıb.

Rəsmi tizer posterində mavi, ağ və narıncı rənglərdə üç smartfon göstərilib. Mavi modeldə qırmızı halqalı böyük dairəvi kamera bloku və üç obyektiv, ağ və narıncı modellərdə isə iki obyektivli kvadrat modul yer alıb. Şirkət hansı dizaynın hansı modelə aid olduğunu açıqlamayıb.

Huawei "Enjoy 100" seriyasının təqdimat tarixini açıqlayıb: ön sifarişlər başlayıb
GSMArena

Posterdəki məlumata görə, seriyaya dörd model daxil olacaq. "Enjoy 100 Pro Max" 512 GB versiyada "Kirin 8020", 256 GB və 128 GB versiyalarda isə "Kirin 8020A" prosessoru ilə işləyəcək. "Enjoy 100 Pro" də "Kirin 8020A" alacaq, adi "Enjoy 100" və "Enjoy 100m" isə "Kirin 8000S" çipi ilə təchiz olunacaq.

Əvvəlki məlumatlara əsasən, "Enjoy 100 Pro Max" 8800 mAh batareya, 6,84 düymlük düz 1.5K LTPS ekran və "BeiDou" peyk mesajlaşma funksiyası ilə gələcək. Bütün seriya "HarmonyOS 7" əməliyyat sistemi ilə işləyəcək, həmçinin dələduzluğa qarşı qoruma funksiyaları təqdim olunacaq.

Qeyd edək ki, "Enjoy 90 Pro Max" bu ilin martında "Enjoy 90 Plus" və "Enjoy 90" ilə birlikdə təqdim edilib. Həmin model 8500 mAh batareya və "Kirin 8000" prosessoru ilə təchiz olunmuşdu.