GSMArena xəbər verir ki, "Huawei" şirkəti "Pura 90 Plus" smartfonunu rəsmən təsdiqləyib və Çində onun üçün ön sifarişlərə start verib. Cihazın təqdimatı oktyabrın 28-nə planlaşdırılıb. Şirkət hələ texniki xüsusiyyətləri açıqlamasa da, smartfon artıq mağazalarda nümayiş olunur və onun canlı fotoları internetdə yayılıb.

Fotolardan birində cihazın "Telefon haqqında" bölməsi əks olunub. Burada yeni "Kirin 9025" prosessoru, 12 GB operativ yaddaş, 2848x1276 ekran həlli, "HarmonyOS 7" əməliyyat sistemi və LCI-AL00 model nömrəsi göstərilib. "Pura 90 Plus" bu çipi istifadə edən ilk smartfon olacaq. İnsayderin iddiasına görə, "Kirin 9025" əslində "Kirin 9020"nin yüksək tezlikli versiyasıdır.

Digər insayder bildirib ki, yeni model "Pura 80 Pro" ilə müqayisədə ümumi performansda 19 faiz üstünlük təqdim edir. Onun sözlərinə görə, "Kirin 9025" "Pura 90 Pro" və "Pura 90 Pro Max" modellərindəki "Kirin 9030S" ilə eyni səviyyədə işləyir. Bu iddiaları test nəticələri təsdiqləməlidir.

Məlumatlara görə, smartfon 6,8 düymlük, 120 Hz yenilənmə tezlikli əyri 1.5K LTPO OLED ekran və dəyişkən diafraqmalı 50 MP-lik 1 düymlük RYYB əsas kamera ilə təchiz olunacaq. "Huawei" artıq 256 GB, 512 GB və 1 TB yaddaş seçimlərini, eləcə də qızılı, qara, bənövşəyi və ağ rəng variantlarını təsdiqləyib.

Qeyd edək ki, bu xüsusiyyətlər əvvəlki "Pura 80 Pro" modelinə çox bənzəyir: həmin smartfonda da 6,8 düymlük 1276x2848 ekran və dəyişkən diafraqmalı 1 düymlük 50 MP-lik əsas kamera var. Yeni modelin qiyməti və digər detallar oktyabrın 28-də açıqlanacaq.