TechCrunch xəbər verir ki, "Microsoft" növbəti rüb üzrə rekord gəlir açıqlayıb. Şirkətin rüblük gəliri 92,3 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur. Beləliklə, "Microsoft" ardıcıl 10-cu rübdür rekord gəlir qeydə alır.

Şirkətin xalis mənfəəti GAAP standartı üzrə 32 faiz artaraq 36,6 milyard dollara çatıb. Artımın əsas mənbəyi "Microsoft Cloud" olub: bulud bölməsinin gəliri 30 faiz artaraq 63,9 milyard dollar təşkil edib. Bunun 33,2 milyard dolları "Azure", təxminən 28 milyard dolları isə "Microsoft 365" xidmətinin payına düşüb.

"Microsoft" ardıcıl 10-cu rübdür rekord gəlir əldə edib: 92,3 milyard dollar
TechCrunch

Gəlirin mühüm hissəsi süni intellektlə bağlıdır. "Microsoft" "OpenAI"-dan 10 milyard dollar gəlir əldə etdiyini bildirib. Şirkətin mövcud müqavilələr üzrə gələcək gəlirini əks etdirən göstərici isə 73 faiz artaraq 677 milyard dollara yüksəlib.

Bununla belə, "Devices and Consumer" seqmentinin gəliri 3 faiz azalaraq 15,5 milyard dollar olub. "Windows OEM" və cihazlar üzrə gəlir isə 22 faiz geriləyib.

Qeyd edək ki, digər iri bulud provayderləri kimi "Microsoft" da infrastruktura böyük vəsait yatırır. Rüb ərzində şirkətin kapital xərcləri 45,2 milyard dollar təşkil edib ki, bu da tarixi rekorddur. "OpenAI" ilə yanaşı "Anthropic" də xidmətlərini "Azure" platformasında işlədir.