Engadget xəbər verir ki, "GitHub" platformasında zərərli proqram təminatı ilə yoluxmuş saxta "PS5" emulyatorları yayılır. Bu barədə "NordVPN" şirkətinin təhdid kəşfiyyatı üzrə tədqiqat qrupu məlumat verib.

Araşdırmaya əsasən, zərərli repozitoriyalar populyar "Kyttyps5" və "AnyPS5" emulyatorlarını təqlid edir. Səhifələr orijinal layihələrə bənzədildiyi üçün istifadəçilər real proqramı yüklədiklərini düşünürlər. Şirkətin texniki direktoru Marijus Briedis bildirib ki, emulyator həvəskarları GitHub-dan eksperimental proqramlar yükləməyə və imzasız faylları işə salmağa öyrəşdikləri üçün ideal hədəfdirlər.

Yükləndikdən sonra zərərli proqram "Microsoft Defender"ə istisna qaydaları əlavə edir ki, antivirus onu yoxlamasın. Daha sonra parolları və digər şəxsi məlumatları toplayan infostealer tipli icra faylı işə salınır. Sonda isə xüsusi skript proqramın öz fayllarını silir və kompüter sahibi heç nə hiss etmir.

Mütəxəssislər yükləmə linkinin emulyatoru hazırlayan komanda ilə əlaqəli olduğunu dəfələrlə yoxlamağı tövsiyə edir. Yaxınlarda yaradılmış və az rəyi olan oxşar səhifələrə ehtiyatla yanaşmaq, quraşdırma zamanı antivirusu söndürməmək lazımdır.

Qeyd edək ki, "Sony" bu ilin əvvəlində öz oyunlarını artıq rəsmi olaraq PC-yə köçürməyəcəyini açıqlayıb. Bu qərar "Kyttyps5" kimi emulyatorlara marağın artmasına səbəb ola bilər.