TechCrunch xəbər verir ki, "General Motors" sürücülərin hərəkət tərzi və məkan məlumatlarını qanunsuz olaraq məlumat brokerlərinə satdığı iddiası ilə bağlı ABŞ-ın 36 ştatına 220 milyon dollar ödəməyə razılaşıb. İddianı ştatların baş prokurorlarından ibarət koalisiya qaldırıb.

Razılaşmaya əsasən, şirkət sürücülərin hərəkət və məkan məlumatlarını toplamazdan və ya paylaşmazdan əvvəl onların açıq razılığını almalıdır. Yeni tələbə görə, "GM"in məxfilik proqramına əməl edib-etmədiyini müstəqil üçüncü tərəf qiymətləndirəcək.

Şirkət açıqlamasında bildirib ki, razılaşma 2024-cü ildə dayandırılan "Smart Driver" məhsuluna aiddir. "GM" artıq fərdi şəxslə, onun avtomobilinin yeri və ya sürmə tərzi ilə əlaqələndirilə bilən məlumatları satmayacağını açıqlayıb, lakin anonimləşdirilmiş məlumatları bəzi tərəfdaşlarla paylaşa bilər.

İddialar "The New York Times" qəzetinin iki ildən çox əvvəl dərc etdiyi araşdırmadan sonra gündəmə gəlib. Hesabata görə, "GM" və "OnStar" tətbiqlər vasitəsilə toplanan dəqiq məkan və sürmə məlumatlarını "LexisNexis" və "Verisk" kimi brokerlərə satıb, onlar da bu məlumatları sığorta şirkətlərinə ötürüblər.

Qeyd edək ki, "GM" əvvəllər Kaliforniya ştatı və ABŞ Federal Ticarət Komissiyası (FTC) ilə də oxşar razılaşmalar əldə edib. FTC yanvarda şirkətin və "OnStar" xidmətinin müəyyən istehlakçı məlumatlarını paylaşmasını qadağan edən qərarı yekunlaşdırıb.