Ars Technica xəbər verir ki, ABŞ prezidenti Donald Tramp xaricdə istehsal olunan sənaye robotlarının idxalını milli təhlükəsizlik üçün təhdid elan edib. Prezident ticarət tərəfdaşları ilə yeni danışıqlara başlanmasını tapşırıb, gələcəkdə isə bu cür idxala yeni tariflər tətbiq edilməsi ehtimalını istisna etməyib.
Oktyabrın 28-də imzalanan bəyannamədə sənaye robotları və avadanlıqları ABŞ-ın hərbi silah sistemlərinin istehsalı üçün həlledici, iqtisadiyyatın bütün kritik infrastruktur sahələri üçün isə "hərəkətverici qüvvə" adlandırılıb. Sənəd Ticarət naziri Hovard Latnikin rəhbərliyi ilə aparılan araşdırmaya əsaslanır. Araşdırmada bu idxalın ABŞ-ın sənaye bazası üçün risk yaratdığı və ciddi kibertəhlükəsizlik zəiflikləri ilə nəticələnə biləcəyi bildirilib.
Qərar sənaye robotlarına güvənən iri Amerika şirkətlərinin istehsal fəaliyyətini çətinləşdirə bilər. Onların arasında "General Motors", "Ford", "Tesla", eləcə də "Boeing" və "Lockheed Martin" kimi aerokosmik və müdafiə nəhəngləri var.
Bəyannaməyə əsasən, ABŞ və tərəfdaşları 180 gün ərzində robot texnikası, sənaye avadanlıqları və onların komponentlərinin idxalı ilə bağlı yeni razılaşmalar əldə etməlidir. Razılaşma olmasa, prezident tariflər, rüsumlar, kvotalar və ödənişlər kimi əlavə tədbirlər görə bilər.
Qeyd edək ki, 2026-cı ilin iyulunda ABŞ Federal Rabitə Komissiyası robot tozsoranlar, dördayaqlı robot itlər və humanoid robotlar kimi xarici istehsal robotların yeni modellərini qadağan edib. Lakin həmin qərar avtomobil zavodlarında və logistika anbarlarında istifadə olunan sənaye robot qollarını və digər stasionar robotları əhatə etməyib.
Mənbə: Ars Technica
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





