Engadget xəbər verir ki, "Netflix" məşhur "battle royale" oyunu "PUBG" əsasında canlı aktyorlarla serial hazırlayır. Layihəyə amerikalı aktyor və rejissor Donald Qlover rəhbərlik edir.

Şirkətin açıqlamasına görə, Qlover serialda baş rolu oynayacaq, ssenarini yazacaq, rejissor və icraçı prodüser kimi çıxış edəcək. Ona tez-tez birgə işlədiyi qardaşı Stiven Qlover kömək edəcək.

"PUBG" oyununda 100 oyunçu sona qədər sağ qalmaq üçün bir-biri ilə mübarizə aparır. Oyunun geniş süjeti olmadığından, müəllifə yaradıcılıq üçün geniş imkan qalır. Oyunda bunun elita üçün təşkil olunan qanlı turnir olduğuna işarə edilir və bu, serialın "Squid Game" və ya "Hunger Games" ab-havasında ola biləcəyini düşünməyə əsas verir.

Hələlik Qloverdən başqa aktyor heyəti barədə məlumat yoxdur, serialın yayım tarixi də açıqlanmayıb. Pilot seriyanın çəkilib sonradan layihənin dayandırılması ehtimalı da istisna edilmir.

Qeyd edək ki, Qloverin "Atlanta" serialı 26 dəfə "Emmy" mükafatına namizəd olub və yeddi mükafat qazanıb. "Netflix" bundan əvvəl "Assassin's Creed" əsasında serial və "Gears of War" əsasında tammetrajlı film hazırlayacağını da açıqlamışdı.