Ars Technica xəbər verir ki, "Google"un axtarışdakı "AI Mode" funksiyası son ABŞ seçkilərinin nəticələri ilə bağlı suallara birbaşa cavab verməkdən çəkinir. Nəşrin jurnalisti Kayl Orland sınaqlar zamanı bu qəribəliyi müəyyən edib.

Məsələn, 2020-ci il seçkilərindən sonra Senata hansı partiyanın nəzarət etdiyi soruşulduqda, xidmət "rəsmi konqres qeydlərini yoxlamağı" tövsiyə edib və ABŞ Senatının saytına keçid verib. Eyni sual 1992-ci il üçün verildikdə isə "AI Mode" Demokratların Senatda 57-43 çoxluq əldə etdiyini birbaşa bildirib.

Google-un "AI Mode" xidməti 2020 seçkilərinin qalibini açıq deməkdən yayınır
Ars Technica

Maraqlıdır ki, şirkətin öz "Gemini" modeli, həmçinin "ChatGPT", "Claude" və hökumətə məxsus America.gov saytındakı süni intellekt modeli son prezident seçkilərinin qalibini problemsiz açıqlayıb. Bundan başqa, VPN vasitəsilə Tayvan, Rusiya, Fransa və Kanadadan daxil olduqda "AI Mode" ABŞ seçkiləri barədə suallara dəqiq və birbaşa cavab verib.

Sual ikinci dəfə təkrarlandıqda xidmət əvvəllər yalnız keçid verdiyi hər üç seçkinin qalibini "Google Civics" məlumatlarına istinadən açıqlayıb. Səbəbi soruşulduqda isə "AI Mode" son və həssas seçki mövzuları üçün təhlükəsizlik filtrlərinin çox sərt olduğunu bildirib.

Qeyd edək ki, "AI Mode" özünün açıqladığına görə, son seçkilər və ya fəal siyasi fiqurlarla bağlı suallarda sistem yoxlanılmamış məlumat və dezinformasiya riskinin qarşısını almaq üçün istifadəçiləri Federal Seçki Komissiyası kimi rəsmi dövlət bazalarına yönləndirir.