"Engadget" xəbər verir ki, NASA "Artemis 3" missiyasının ətraflı planını açıqlayıb. Plana əsasən, iki həftə ərzində Floridadan üç fərqli ağır daşıyıcı raketlə üç kosmik aparat buraxılacaq. Proqramda edilən dəyişikliklərdən sonra missiya Aya enişə deyil, enmə modullarının sınağına həsr olunub.

Missiya "Blue Origin" şirkətinin "New Glenn" raketinin "Blue Moon Mark 2" enmə modulunun sınaq versiyasını təxminən 273 mil hündürlükdə aşağı orbitə çıxarması ilə başlayacaq. Ardınca "SLS" raketi NASA astronavtları Rendi Bresnik, Frenk Rubio, Andre Duqlas və Avropa Kosmik Agentliyinin astronavtı Luka Parmitanonu daşıyan "Orion" kapsulunu orbitə çıxaracaq.

Ekipaj modula keçərək atmosfer və təzyiqin saxlanmasını, proqram təminatını, uçuş idarəetmə və həyat təminatı sistemlərini yoxlayacaq. Daha sonra "SpaceX" "Starship"in 3-cü versiyasını buraxacaq. "Orion" onunla iki saatlıq birləşəcək, lakin astronavtlar içəri keçməyəcək. Bundan sonra ekipajın orbitdə təxminən beş əlavə günü olacaq.

Missiya zamanı dərin kosmos üçün hazırlanmış yeni "Orion Crew Survival System" skafandrları da sınaqdan keçiriləcək. Dəqiq buraxılış tarixi bəlli deyil. "NASA Watch"un məlumatına görə, NASA administratoru Jared Isaacman missiyanın qrafikdən üç ay geri qaldığını etiraf edib. Ən yaxşı halda buraxılış 2027-ci ilin yayında baş tuta bilər.

Qeyd edək ki, "Artemis 3" əvvəlcə 1972-ci ildəki "Apollo 17"dən sonra ilk insanlı Aya eniş missiyası olmalı idi, lakin yenilənmiş planla növbəti eniş 2028-ci ilə keçib. Bundan əlavə, may ayında "New Glenn"in buraxılış meydançası sınaq zamanı partlayıb, şirkət onu ilin sonuna qədər bərpa etməyə çalışır.