Engadget xəbər verir ki, elektromobillər park edilmiş vəziyyətdə də batareya enerjisinin bir hissəsini itirir. İtkinin həcmi avtomobilin modelindən, ayarlarından və dayanma zamanı hansı funksiyaların işləməsindən asılıdır.

Litium-ion elementlərdə təbii öz-özünə boşalma prosesi baş versə də, onun təsiri cüzidir. Əsas itki qapılar kilidləndikdən sonra işləməyə davam edən sistemlərdən yaranır. Batareyanın idarəetmə sistemi vaxtaşırı yoxlamalar aparır, yüksək gərginlikli batareya isə kilidləri və elektronikanı təmin edən 12 voltluq batareyanı doldurur. Bunu "Tesla" və "Rivian" şirkətləri də təsdiqləyib.

Elektromobillər park edilərkən niyə enerji itirir: əsas səbəblər açıqlanıb
Engadget

Mobil tətbiq vasitəsilə göndərilən sorğular, salonun uzaqdan soyudulması və ya qızdırılması, multimedia sistemi, eləcə də avtomobili təkrar-təkrar "oyadan" üçüncü tərəf tətbiqləri də enerji sərfini artırır. "Tesla"nın "Sentry Mode" və "Rivian"ın "Gear Guard" kimi kamera əsaslı mühafizə rejimləri ən çox enerji tələb edən funksiyalar sırasındadır. Soyuq havada isə batareya temperaturunun dəyişməsi gediş məsafəsi proqnozunu da azalda bilir.

"Tesla Model 3" təlimatına görə, batareya şəraitdən asılı olaraq gündə təxminən 1 faiz enerji itirə bilər. "Recurrent" şirkətinin məlumatına əsasən, "yuxu" rejimindəki "Tesla" avtomobilləri gündə 0,1-0,3 faiz, enerji tutumlu funksiyalar aktiv olduqda isə gündə bir neçə faiz itirir. Batareyanın ölçüsü də önəmlidir: 0,5 kVt·saat itki 42 kVt·saatlıq batareyada təxminən 1,2 faiz, 80 kVt·saatlıqda isə 0,6 faiz təşkil edir.

Elektromobillər park edilərkən niyə enerji itirir: əsas səbəblər açıqlanıb
Engadget

Qeyd edək ki, "Tesla" uzun müddət istifadə edilməyən "Model 3"ü elektrik şəbəkəsinə qoşulu saxlamağı və uzunmüddətli saxlanma zamanı batareya səviyyəsini təxminən 50 faiz həddində tutmağı tövsiyə edir. Mütəxəssislər həmçinin lazımsız mühafizə və iqlim funksiyalarını söndürməyi məsləhət görür.