Ars Technica xəbər verir ki, "Microsoft" "Windows 11" üçün sağ klik menyusunu istifadəçinin özünə uyğun tənzimləməyə imkan verən sınaq yeniləməsini yaymağa başlayıb. Bu dəyişiklik illərdir təcrübəli istifadəçilərin əsas şikayətlərindən birinə cavab olaraq hazırlanıb.

"KB5127936" adlı yeniləmə "Windows 11"-in 26H2 və 25H2 versiyaları üçün nəzərdə tutulub və mərhələli şəkildə yayılır. Yeniləmə ilə menyuda "customize menu" düyməsi peyda olacaq. Onun vasitəsilə "Send To" və ya "Create Shortcut" kimi daxili əmrləri aktivləşdirmək və ya söndürmək, əsas menyunun ardıcıllığını dəyişmək, həmçinin üçüncü tərəf genişlənmələrinin harada görünəcəyini seçmək mümkün olacaq.

Windows 11-də sağ klik menyusu istifadəçinin istəyinə uyğun tənzimlənə biləcək
Ars Technica

Əvvəllər tanış əmrlər yuxarıdakı ikonlar sırasında, digərləri isə "Show more options" alt menyusunda gizlədilirdi. Bu səbəbdən bəzi istifadəçilər menyunu dəyişmək üçün xüsusi skriptlərə və proqramlara müraciət edirdi.

Yeniləmədə "Cloud Rebuild" adlı bərpa funksiyası da yer alıb. O, sistem açılmadıqda belə "Windows 11"-i və lazımi drayverləri birbaşa "Windows Update" vasitəsilə buluddan yükləyib yenidən quraşdırır. Lakin bu üsul təmir deyil, təmiz quraşdırmaya bənzəyir: mövcud tətbiqlər və fayllar saxlanmır.

Qeyd edək ki, açıqlama "Microsoft"-un rüblük maliyyə hesabatı ilə eyni vaxta düşüb. Hesabat yeni kompüterlər üçün "Windows" lisenziyalarının satışından əldə olunan gəlirin azalmağa davam etdiyini göstərib.