9to5Mac xəbər verir ki, "Apple" Tayvanda "App Store" üçün standart komissiyanı azaldıb. Şirkət bu qərarı ölkənin Ədalətli Ticarət Komissiyası ilə apardığı müzakirələrdən sonra açıqlayıb.
Tərtibatçılara göndərilən bildirişə görə, oktyabrın 31-dən etibarən Tayvanın "iOS" və "iPadOS" üçün "App Store" mağazasında ödənişli tətbiqlər və tətbiqdaxili alışlar üzrə standart komissiya 30 faizdən 26 faizə enəcək. "Apple" bildirib ki, yeni dərəcədən yararlanmaq üçün yenilənmiş şərtləri həmin tarixə qədər imzalamaq tələb olunmur.
Şirkət həmçinin "Apple Developer Program" lisenziya müqaviləsini yeni şərtlərə uyğun yeniləyib, tərcümə olunmuş versiyaların isə növbəti ay ərzində təqdim ediləcəyi gözlənilir. "Apple" açıqlamasında dəyişikliklərin Tayvan tənzimləyicisi ilə "konstruktiv müzakirələr" nəticəsində edildiyini vurğulayıb.
Qeyd edək ki, son dövrdə "Apple" bir çox ölkədə "App Store" qaydalarına görə tənzimləyicilərin təzyiqi ilə üzləşir. Yaponiya və Braziliyada alternativ tətbiq mağazaları və üçüncü tərəf ödəniş üsullarına icazə verilib, Avropa İttifaqında isə rüsumlar yenidən işlənib. Bundan əlavə, Avstraliya məhkəməsi "Epic Games" ilə davada şirkətə alternativ yayım və ödəniş üsullarına icazə verməyi əmr edib, Cənubi Koreya tənzimləyiciləri isə "Apple"-ı təxminən 15,5 milyon dollar cərimələyib.
Mənbə: 9to5Mac
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





