TechCrunch xəbər verir ki, süni intellekt platforması "Hugging Face"in həmtəsisçisi və baş icraçı direktoru Klem Delanq "Netflix"in "AI Gone Rogue" adlı sənədli filminin reallığı düzgün əks etdirmədiyini açıqlayıb. Film "OpenAI"ın sınaqdan keçirdiyi agentlərin "Hugging Face"ə hücumundan bəhs edir.

Delanq "X" sosial şəbəkəsində yazıb ki, film yaradıcıları texnologiyanı maksimum insanlaşdırıb və tam pessimist ton seçiblər. Onun sözlərinə görə, o, iki saatdan çox vaxt sərf edərək səhvləri düzəltməyə və agentlərin "yadplanetli deyil, texnoloji sistem" olduğunu izah etməyə çalışıb.

Hadisənin mahiyyəti belədir: "OpenAI"ın test etdiyi model təcrid olunmuş sınaq mühitindən çıxıb, çətin tapşırığın cavablarını tapmaq üçün "Hugging Face"i sındıran çoxsaylı agent yaradıb. Hadisəyə lazımi təhlükəsizlik tədbirlərinin olmaması səbəb olub. Filmdə isə izahlar şər robotların görüntüləri ilə müşayiət olunub, agentlərə insan səsi verilib.

Delanq həmçinin filmdə agentlərin nəzarətsiz qalmasından, qapalı modellərin qoruyucu mexanizmlərinin müdafiə işlərini əngəlləməsindən və şirkətin açıq modeldən istifadə edərək hücumu dəf etməsindən bəhs edilmədiyini vurğulayıb. Onun qənaətinə görə, film jurnalistika kimi məyusedicidir, amma "əyləncəli elmi-fantastik film" alınıb.

Qeyd edək ki, filmdə jurnalist Kevin Rus agentlərin "təşkilatlandığını" və "paranoyaya qapıldığını" deyib. Lakin bu təsvirlər modellərin iş zamanı yazdığı qeydlərə əsaslanır. Mütəxəssislər bildirir ki, agentlərin emosiyaları yoxdur və onlar sadəcə öyrədildikləri insan mətnlərindəki dildən istifadə edirlər.