"Engadget" xəbər verir ki, ABŞ senatorları Ron Uayden və Edvard Market "Meta"nın süni intellektli ağıllı eynəkləri ilə bağlı "ciddi məxfilik və təhlükəsizlik risklərini" araşdırmağa başlayıblar. Senatorlar Mark Zukerberqə ünvanladıqları məktubda şirkətin ətrafdakı insanların məxfiliyinə dair riskləri müəyyən etdikdən sonra belə məhsulu bazara çıxardığını bildiriblər.

Məktubda eynəklərdən istifadə edilərək məxfiliyin pozulduğu bir neçə hadisə xatırladılıb. Xüsusilə, "404 Media" və "BBC"nin kişilərin qadınları xəbərsiz şəkildə lentə alıb sosial şəbəkələrdə paylaşması barədə yazıları qeyd olunub. Bundan başqa, bəzi hesabatlara və məhkəmə iddiasına görə, "Meta"nın süni intellekt üzrə podratçıları insanların intim anlarını əks etdirən görüntülərə baxdıqlarını deyiblər.

Senatorlar şirkətdən kameranın təsadüfən işə düşməsi, qeydə alma indikatorunun dəyişdirilməsi, üzlərin və avtomobil nömrələrinin bulanıqlaşdırılması ilə bağlı suallara cavab istəyiblər. Həmçinin görüntülərin hansı hallarda işçilərə əlçatan olduğu və süni intellekt modellərinin öyrədilməsində istifadə edilib-edilmədiyi soruşulub. Cavabların 26 noyabr 2026-cı il tarixinədək təqdim olunması tələb edilib.

Qeyd edək ki, eynəklərə qarşı şikayətlər bununla məhdudlaşmır. İstifadəçilər proqram təminatı yeniləməsindən sonra eynəklərin söhbətləri icazəsiz yazdığını bildiriblər, cihazlar ICE əməkdaşlarında da görülüb. Oktyabrda isə Kaliforniya qubernatoru Gevin Nyusom gizli yazılış üçün geyilə bilən cihazların istifadəsini qadağan edən qanun layihəsinə veto qoyub.