GSMArena xəbər verir ki, "HMD" şirkəti qapaqlı dizayna malik yeni düyməli telefonu olan "Nokia 2360 Flip"i təqdim edib. Cihaz məktəblilər və yaşlı insanlar nəzərə alınaraq hazırlanıb, iki ekran və ayrıca SOS düyməsi ilə təchiz olunub.
Telefonun əsas xüsusiyyəti "Family Assist" funksiyasıdır. Bu funksiya ailə üzvlərinə cihazı uzaqdan idarə etməyə imkan verir: onlar kontakt əlavə edə, səs səviyyəsini tənzimləyə, xatırlatmalar qura və digər ayarlara daxil ola bilirlər.

Arxa paneldə yerləşən SOS düyməsi basıldıqda əvvəlcədən təyin olunmuş təcili kontakta zəng edilir və beş nəfərədək şəxsə xəbərdarlıq mesajı göndərilir. Bununla belə, telefon yalnız 2G şəbəkəsini dəstəkləyir və bu, həmin şəbəkələrin bağlandığı regionlarda istifadəni məhdudlaşdıracaq.
Cihaz 2,8 düymlük əsas və 1,77 düymlük xarici ekrana malikdir. Telefonda çıxarıla bilən 1450 mAh tutumlu batareya, dinamik, QVGA kamera, 4 MB daxili yaddaş, FM radio və 3,5 mm qulaqlıq yuvası var.

Qeyd edək ki, "Nokia 2360 Flip" tünd qırmızı, kömür rəngi və firuzəyi rəng variantlarında satışa çıxarılacaq. "HMD" hələlik telefonun qiyməti və satış tarixi barədə məlumat açıqlamayıb.
Mənbə: GSMArena
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





