9to5Mac xəbər verir ki, hakim Edvard Davila "Apple" şirkətinin iki keçmiş əməkdaşı, "OpenAI" və "io Products" əleyhinə ticarət sirrinin mənimsənilməsi ilə bağlı açdığı iddia üzrə rəsmi qrafiki təsdiqləyib. Məhkəmə prosesi 19 iyul 2027-ci il, saat 09:00-da başlayacaq.

Hakim hələ oktyabrın 14-də keçirilən iclasda tərəflərə təxmini məhkəmə tarixi olaraq 19 iyul 2027-ci ili nəzərə almaqla qrafik təklif etməyi tapşırmışdı. Tərəflər təkliflərini oktyabrın 23-nə qədər təqdim etməli idi və hakim indi həmin qrafiki rəsmiləşdirib.

"Apple" iddiasında cavabdehləri şirkətin məhsulları və texnologiyaları barədə məxfi məlumatlardan icazəsiz istifadə edərək "OpenAI"-ın istehlakçı cihazları üzərində işini sürətləndirməkdə ittiham edir. Son günlərdə şirkət sübutların sürətləndirilmiş qaydada əldə edilməsi ilə bağlı iki prosessual qələbə qazanıb.

Qrafikə sübutların toplanması, ekspert rəyləri, vəsatətlər və məhkəməqabağı prosedurlar üzrə müddətlər daxildir. Faktiki sübutların toplanması 12 mart 2027-ci ildə başa çatacaq, yekun məhkəməqabağı konfrans isə 24 iyun 2027-ci ilə təyin olunub. Həmçinin tərəflərin baş vəkilləri 1 iyun 2027-ci ilədək mümkün barışıq barədə görüşməlidir.

Qeyd edək ki, barışıqla bağlı görüş federal mülki işlərdə adi prosessual addımdır və bu, "Apple" ilə "OpenAI"-ın işi barışıqla bitirməyi düşündüyü anlamına gəlmir. "Apple" bu iddianı iyul ayında qaldırıb.