Ars Technica xəbər verir ki, 2022-ci ildə Malidə, Sahara səhrasında tapılan "Teghaza 001" meteoritinin Marsın qədim qabığına aid olduğu müəyyənləşib. "NASA"nın Reaktiv Hərəkət Laboratoriyasından planetoloq Yang Liu-nun rəhbərlik etdiyi qrup süxurun ən azı 4,1 milyard il əvvəl formalaşdığını göstərib.

İndiyədək Yerdə yalnız iki həqiqətən qədim Mars meteoriti məlum idi: Antarktidada tapılan "Allan Hills 84001" və "Black Beauty" ləqəbli nümunə. Digər əsas meteorit sinifləri 2,4 milyard ildən cavandır. Alimlərin fikrincə, zəif süxurlar Marsdan qopdaran zərbəyə davam gətirmədiyi üçün kolleksiya qeyri-bərabər qalıb.

Saharada tapılan meteorit Marsın 4,1 milyard il yaşlı qabığından xəbər verir
Ars Technica

Ümumi çəkisi 800 qrama yaxın olan səkkiz parçadan ibarət meteorit əsasən feldşpatdan ibarətdir və maqmanın səthə çıxmadan qabıq daxilində ildə təxminən 0,01 dərəcə soyuması nəticəsində yaranıb. Sirkon, fosfat mineralları və rubidium-stronsium üsulları eyni yaşı göstərib. Süxurda ağır oksigen-18 izotopunun yüksək miqdarı onun formalaşdığı dövrdə Mars qabığında suyun fəal dövr etdiyinə işarə edir.

Tədqiqat həmçinin süxuru yaradan maqmanın 160 kilometrdən dərin qatlardan gəldiyini və mənbəyinin indiyədək məlum mantiya rezervuarlarının heç birinə uyğun gəlmədiyini ortaya qoyub. Komanda meteoritin ehtimal ki, nəhəng "Hellas" çökəkliyinin şimal-qərbindəki cənub yüksəkliklərindən gəldiyini bildirib.

Qeyd edək ki, tədqiqat "Science" jurnalında dərc olunub. Liu-ya görə, əsl dönüş nöqtəsi "Perseverance" marsoxodunun Jezero kraterində topladığı kimi geoloji konteksti məlum olan nümunələrin Yerə gətirilməsi olacaq.