The Verge xəbər verir ki, "OpenAI", "Google", "Microsoft" və "Anthropic" naşirlərə məzmunlarının süni intellekt tərəfindən toplanmasından imtina etməyə imkan verən yeni standartı tətbiq edəcəklərini açıqlayıblar. Bu barədə ilk olaraq "Search Engine Roundtable" məlumat verib.

Ortaq "policy token" siqnalı "Anthropic"in standartlar üzrə texniki rəhbəri Kevin Kelley tərəfindən İnternet Mühəndisliyi İşçi Qrupu (IETF) çərçivəsində təklif edilib. Siqnal saytın "robots.txt" faylında yerləşəcək. Hazırda saytlar süni intellekt təlimi ilə bağlı seçimlərini hər şirkətə ayrıca bildirməlidirlər.

Şirkətlər bu siqnalla qarşılaşdıqda öz botlarının sayta girişini məhdudlaşdıracaqlarını bildiriblər. "Anthropic" siqnalı artıq tətbiq edib, "Google" və "Microsoft" onu gələn il dəstəkləməyi planlaşdırır, "OpenAI" isə "yaxın aylarda" tətbiq edəcəyini deyib. "Meta"nın kommunikasiya rəhbəri Andy Stone yeniliyi dəstəkləsə də, şirkətin ona əməl edib-etməyəcəyini açıqlamayıb.

"Microsoft" naşirlərə süni intellekt təlimindən və ya "grounding" prosesindən ayrıca imtina etmək imkanı verəcək. Şirkətin sözlərinə görə, saytlar seçimlərindən asılı olmayaraq "Bing" axtarış nəticələrində görünməyə davam edəcək.

Qeyd edək ki, naşirlər süni intellekt botlarının məzmun toplamasına qarşı müxtəlif üsullara əl atırlar. "Really Simple Licensing" (RSL) standartı saytlara botlardan ödəniş almağa imkan verir, "Cloudflare" isə süni intellekt botlarını standart olaraq bloklayır.