Wired xəbər verir ki, alimlər Marsda "Arsia Mons" vulkanı yaxınlığında hər səhər yaranan və uzunluğu 1000 mildən (təxminən 1600 kilometr) çox olan buludun əmələ gəlməsini ilk dəfə modelləşdiriblər. "Arsia Mons Elongated Cloud" (AMEC) adlanan bulud Marsda yaz və yay aylarında səhərlər peyda olur, uzanır və sonra dağılır.

"Nature Geoscience" jurnalında dərc olunan araşdırmaya görə, bulud homogen nüvələnmə adlanan proses nəticəsində yarana bilər. Bu zaman su buxarı toz və ya duz kimi hissəciklərin köməyi olmadan birbaşa buz kristallarına çevrilir. Yerdə isə buludlar adətən belə hissəciklərin iştirakı ilə formalaşır.

Tədqiqatın aparıcı müəllifi, Paris Sorbonna Universitetinin planetoloqu Jorge Hernández-Bernal bildirib ki, bu proses dərsliklərdə nəzəri olaraq təsvir olunsa da, təbiətdə əvvəllər heç vaxt müşahidə edilməyib. O, hadisəni "otağın ortasında kondensasiya damcılarının yaranmasına" bənzədib.

Proses üçün ekstremal şərait tələb olunur: 10 dəqiqə ərzində temperaturun 30 dərəcə Selsi düşməsi və yüksək nisbi rütubət. Hündürlüyü 65 min fut olan vulkana çırpılan külək güclü dalğa yaradır və nəmli havanı bir neçə dəqiqəyə atmosferin yuxarı qatlarına qaldırır.

Qeyd edək ki, AMEC ilk dəfə 2018-ci ildə zond tərəfindən qeydə alınıb. Bu proses üçün lazım olan rütubət Yerdə ölçülmüş istənilən göstəricidən 100 min dəfədən çox yüksəkdir və belə rütubət səviyyəsinin Marsda mövcudluğu da bu modelləşdirməyə qədər məlum deyildi.