Ars Technica xəbər verir ki, Yaponiya Marsın ən böyük peyki Fobosa enib oradan nümunə götürmək məqsədi daşıyan "MMX" (Martian Moons eXploration) missiyasını kosmosa buraxıb. Dəyəri 578 milyon dollar olan beşillik layihə Yaponiyanın cənubundakı Tanegaşima Kosmik Mərkəzindən "H3" raketi ilə start götürüb.

Təxminən 4,5 ton ağırlığında olan kosmik aparat buraxılışdan 71 dəqiqə sonra raketdən ayrılıb və 10 aylıq səfər üçün Marsa yollanıb. "JAXA"-nın rəhbəri Hiroşi Yamakava buraxılışı uğurlu adlandırıb, layihə rəhbəri isə aparatın stabil vəziyyətdə olduğunu bildirib.

Yaponiya Marsın peyki Fobosdan nümunə gətirəcək MMX missiyasını orbitə buraxıb
Ars Technica

Aparat gələn ilin avqustunda Marsa çatacaq və təxminən üç il Fobos və Deymos peykləri ətrafında tədqiqat aparacaq. 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlində Fransa və Almaniyanın hazırladığı "Idefix" adlı kiçik rover Fobosa endiriləcək. 2029-cu ildə isə əsas aparat peykə iki dəfəyədək eniş edərək ən azı 10 qram nümunə götürməyə çalışacaq.

Nümunələrin 2031-ci ildə Cənubi Avstraliyaya çatdırılması planlaşdırılır. Missiyaya töhfə verən "NASA" nümunələrin 15 faizini əldə edəcək. Alimlər Fobosun Marsın cazibəsinə düşmüş asteroid, yoxsa planetin erkən dövründəki nəhəng toqquşmanın qalığı olduğunu müəyyənləşdirməyi hədəfləyirlər.

Yaponiya Marsın peyki Fobosdan nümunə gətirəcək MMX missiyasını orbitə buraxıb
Ars Technica

Qeyd edək ki, Yaponiya daha əvvəl "Hayabusa" və "Hayabusa 2" missiyaları ilə asteroidlərdən nümunə gətirən ilk ölkə olub. Fobosdan nümunə gətirmək üçün əvvəlki cəhdlər, o cümlədən Rusiyanın 2011-ci ildəki "Fobos-Qrunt" missiyası və Sovet İttifaqının 1988-ci ildə göndərdiyi iki aparat uğursuz alınıb.