The Register xəbər verir ki, Yaponiyanın Mars peyki Fobosu tədqiq etmək üçün hazırladığı "Martian Moons eXploration" ("MMX") kosmik aparatı orbitə çıxarılıb. Yaponiya Kosmik Agentliyinin ("JAXA") məlumatına görə, aparat 19 oktyabrda saat 19:41-də (UTC) "H3" raketi ilə buraxılıb. 21 oktyabrda günəş panellərinin açılması da daxil olmaqla ilkin kritik əməliyyatlar başa çatıb.

Zondun 2027-ci ildə Marsa çatması, Fobosun səthinə "Idefix" roverini endirməsi və peykə bir və ya iki dəfə enməyə cəhd etməsi planlaşdırılır. Alimlər Fobosdan təxminən 10 qram nümunə toplayıb onu 2031-ci ildə Yerə qaytarmağı hədəfləyirlər.

Avropa Kosmik Agentliyi ("ESA") missiyaya 2003-cü ildən Mars orbitində fəaliyyət göstərən "Mars Express" zondu ilə dəstək verəcək. Planlara birgə müşahidələr və "MMX"-in eniş yerinin görüntülənməsi daxildir. Zondun missiyası 2029-cu ilədək uzadılıb ki, bu da "MMX"-in Marsa çatma vaxtını əhatə edir.

Komandanın keçmiş üzvü bu uzadılmanın "sonuncu" olduğunu desə də, ilk "sonuncu uzadılmanın" hələ 2007-ci ildə olduğunu xatırladıb. Növbəti uzadılma ilə bağlı müzakirələr 2028-2029-cu illərdə başlaya bilər və bu qərar maliyyələşmədən və elmi nəticələrdən asılı olacaq.

Qeyd edək ki, 2025-ci ilin may ayında elan olunan proqram təminatı yeniləməsi "Mars Express"-in giroskoplarının aşınmasını azaldıb və onların 2034-cü ilədək işləməsinə imkan yarada bilər. Zond həmçinin 2028-ci ildə buraxılması planlaşdırılan "Rosalind Franklin" roverinin eniş yerini görüntüləməkdə və məlumat ötürülməsində iştirak edə bilər.