Engadget xəbər verir ki, "Valve" şirkəti "Steam" platformasında "Personal Calendar" (Fərdi təqvim) funksiyasını istifadəyə verib. Yenilik istifadəçinin zövqünə uyğun yeni çıxan oyunları izləməyə imkan verir və mağazanın ana səhifəsində əlçatandır.
Şirkətin açıqlamasına görə, təqvim tövsiyələri istifadəçinin son vaxtlar oynadığı oyunları oxşar oyun profilinə malik digər oyunçuların məlumatları ilə müqayisə etməklə formalaşdırır. Bu zaman oyunlara sərf olunan saatlar və arzu siyahıları nəzərə alınır. "Valve" bildirib ki, yeni oyunu bir neçə dəqiqəlik sınamaq alqoritmə ciddi təsir etmir, çünki əsasən uzun müddət oynanılan oyunlar hesaba alınır.
Fərdi təqvim hər gün yenilənəcək, çünki alqoritmlər müntəzəm olaraq son məlumatlarla yenidən öyrədilir. Bununla belə, gündəlik dəyişikliklər az olacaq: yeni tövsiyələr daha çox səkkiz həftəlik müddət ərzində və ya tərtibatçılar gələcək oyunlarının çıxış tarixini təsdiqlədikcə görünəcək.
Funksiya bir neçə ay ərzində şirkətin eksperimental yeniliklərin sınaqdan keçirildiyi "Steam Labs" proqramında test edilib. "Valve"-un məlumatına görə, oyunçular orta hesabla 24 saat ərzində təqvimdə 2000-dən çox müxtəlif oyuna klikləyirlər.
Qeyd edək ki, yenilik oyunçuların "Steam" mağazasının qarışıq və çətin naviqasiya olunduğu barədə şikayətlərinə cavab olaraq hazırlanıb. Şirkət bu ilin əvvəlində də axtarış menyusu və "Kateqoriyalar" bölməsi ilə yenilənmiş mağaza interfeysini təqdim etmişdi.
Mənbə: Engadget
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər




