The Verge xəbər verir ki, "Fujifilm" yeni hibrid ani çap kamerası olan "Instax Mini Evo 2"-ni təqdim edib. Cihaz sələfi kimi daxili printerə malik sadə rəqəmsal kamera konsepsiyasını davam etdirir, lakin bir sıra mühüm yeniləmələr alıb.
Kamerada ilk "Mini Evo"-dakı 1/5 düymlük sensor əvəzinə daha böyük, 1/2,77 düymlük sensor quraşdırılıb. Arxa paneldə isə 4,5 düymlük sensorlu ekran yer alır. Bu, "Instax" seriyasında LCD sensorlu ekranla təchiz olunan ilk modeldir. Bununla belə, iki fırlanan düymə və plyonka kameralarından ilhamlanan çap ləngi saxlanılıb.
Yeni model həm də video çəkə bilir, lakin yalnız fotoşəkil çəkilməzdən əvvəlki bir neçə saniyəni qeydə alır. DPReview-un məlumatına görə, MP4 formatlı videolar səssiz yazılır, keyfiyyəti 560 × 992 piksel və saniyədə 24 kadrla məhdudlaşır, fayllar isə yalnız microSD kartda saxlanıla bilir.
İstifadəçilər 10 plyonka və 10 obyektiv effektindən, eləcə də çəkiliş sahəsindən daha geniş görüntü verən "Expanded View" rejimindən yararlana bilərlər. Kamera USB-C vasitəsilə şarj olunur və 2 x 3 düymlük "Instax Mini" formatında fotoşəkillər çap edir.
Qeyd edək ki, "Instax Mini Evo 2" noyabrın sonunda 290 dollar qiymətə satışa çıxarılacaq. Kamera yalnız qara rəngdə təklif olunacaq, lakin klassik retro dizaynını qoruyub saxlayıb.
Mənbə: The Verge
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





