Ars Technica xəbər verir ki, ABŞ-ın "Boston Dynamics" robototexnika şirkətinin yüzlərlə əməkdaşı şirkətin robot itlərinin ABŞ İmmiqrasiya və Gömrük Nəzarəti İdarəsinə (ICE) satışının dayandırılmasını tələb edən petisiya imzalayıb. Lakin şirkət rəhbərliyi müqaviləni qüvvədə saxladığını açıqlayıb.
Daxili Təhlükəsizlik Nazirliyi sentyabrın 25-də Konnektikutda fəaliyyət göstərən "Radeco" şirkəti ilə 1,3 milyon dollarlıq müqavilə imzalayıb. Müqaviləyə əsasən ICE-yə "Cerberus" adı ilə təqdim olunan dörd modifikasiya edilmiş "Spot" robotu veriləcək. Robotlar radiasiya, zəhərli qaz sızması və partlayıcı təhlükələri aşkarlamaq, həmçinin sərhədlərarası tunellərdə əməliyyatlar üçün nəzərdə tutulub.

Petisiyanı 300-dən çox əməkdaş imzalayıb, onların yarısı anonim qalıb. Şirkətdə təxminən 1400 nəfər çalışır. İşçilər 2025-ci il sentyabrın 4-də Corciyadakı "Hyundai" zavodunda 475 nəfərin, əsasən Cənubi Koreya vətəndaşlarının saxlanıldığı reydi xatırladıb və bu qərarın şirkətin işçi cəlb etmək imkanlarına zərər vuracağını bildiriblər.
Şirkətin keçmiş müvəqqəti baş icraçı direktoru Amanda MakMaster əməkdaşlara göndərdiyi məktubda qərarın şirkətin etik prinsiplərinə uyğun olduğunu qeyd edib. "Boston Dynamics" satış şərtlərinin robotların silah kimi istifadəsini qadağan etdiyini, pozuntu halında isə zəmanətin ləğvi, proqram təminatı yeniləmələrinin dayandırılması və lisenziyanın xitam verilməsi kimi addımlar atacağını bildirib.
Qeyd edək ki, "Hyundai Motor Group" "Boston Dynamics"i 2021-ci ilin iyununda alıb. Şirkət hazırda Massaçusets ştatının Uoltem şəhərində 100 milyon dollarlıq yeni robototexnika və süni intellekt mərkəzi qurur və 2033-cü ilədək 1250 yeni iş yeri yaratmağı planlaşdırır.
Mənbə: Ars Technica
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





