The Verge xəbər verir ki, ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) avtonom avtomobillərin özünü idarə etdiyini firuzəyi (cyan) rəngli işıqlarla bildirməsini təklif edib. Təklif Federal Nəqliyyat Vasitələrinin Təhlükəsizlik Standartı (FMVSS) No. 108-ə edilən dəyişikliklərin bir hissəsidir.
Agentliyin fikrincə, bu işıqlar polisə və digər yol iştirakçılarına avtomobili avtomatlaşdırılmış idarəetmə sisteminin idarə etdiyini aydın və eyni şəkildə göstərəcək. Qırmızı, sarı, ağ və göy-qırmızı işıqlar artıq əyləc, dönmə siqnalı, faralar və xüsusi xidmət maşınları üçün istifadə olunur, firuzəyi rəng isə bu boşluğu doldura bilər.
Təklifə görə, belə işıqların quraşdırılması istehsalçılar üçün məcburi olmayacaq. Lakin NHTSA onların rəngi, parlaqlığı və yerləşməsi üçün vahid federal standart müəyyənləşdirmək istəyir ki, "Waymo", "Nuro", "Zoox", "GM" və "Mercedes-Benz" kimi şirkətlər eyni qaydadan istifadə etsin.
Agentlik həmçinin sürücüsüz avtomobillərdə mənasız olan tələbləri, o cümlədən fiziki qəza siqnalı düyməsi, işıq rejimi açarı və dönmə qolu kimi elementləri ləğv etməyi təklif edib. Bundan əlavə, müasir LED sistemlərinə uyğunlaşmaq üçün 12,8 voltluq test standartı yenilənəcək.
Qeyd edək ki, "Mercedes-Benz" daha əvvəl 3-cü səviyyəli "Drive Pilot" sistemli avtomobilləri üçün ştat səviyyəsində firuzəyi işıqlara icazə alıb. Eyni zamanda NHTSA keçən ay "Tesla"nın sükan, pedal və yan güzgüləri olmayan "Cybercab" modelinin sertifikatlaşdırılması ilə bağlı yoxlama başladıb.
Mənbə: The Verge
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





