Ars Technica xəbər verir ki, Almaniyanın Tübingen Universitetinin neyrobioloqları Andreas Nider və Filipp Şmidbauer qarğaların vizual məlumat əsasında qərarı primatlardan təxminən iki dəfə sürətli qəbul etdiyini müəyyən ediblər. Tədqiqatın nəticələri "Science" jurnalında dərc olunub.

Alimlər iki qarğanı meymunlar üzərində illərdir tətbiq olunan test vasitəsilə yoxlayıblar. Toxunuşa həssas ekranda hərəkət edən nöqtələr buludu göstərilib və quşlar nöqtələrin ümumi istiqamətini dimdikləri ilə müvafiq hədəfə vuraraq bildiriblər. Hətta nöqtələrin cəmi 3 faizi eyni istiqamətdə hərəkət etdikdə belə, qarğalar təsadüfi ehtimaldan yaxşı nəticə göstəriblər.

Qarğalar vizual məlumatı primatlardan iki dəfə sürətli emal edir
Ars Technica

Qarğaların orta reaksiya müddəti 235 millisaniyə olub, oxşar testlərdə meymunlar isə təxminən 410-600 millisaniyəyə cavab veriblər. Tədqiqatçıların sözlərinə görə, quşlar sürət naminə dəqiqlikdən imtina etməyiblər. Beyin fəaliyyəti qeydə alınan 248 neyrondan 58-i qərarı nöqtələr göründükdən təxminən 70 millisaniyə sonra əks etdirməyə başlayıb ki, bu da primatların neokorteksindəki sübut toplama mexanizminə bənzəyir.

Nider sürəti iki amillə izah edib: quşların kiçik beyni və qısa aksonları, eləcə də 41-42 dərəcəyə çatan yüksək bədən temperaturu kimyəvi prosesləri sürətləndirir. Bununla yanaşı, tədqiqatda cəmi iki quşun iştirak etdiyi və nəticələrin digər quşlara aid olub-olmadığının hələ məlum olmadığı vurğulanıb.

Qeyd edək ki, quşlar və məməlilər təkamül baxımından 360 milyon ildən çox əvvəl ayrılıb və quş beynində neokorteks yoxdur. Alimlərin fikrincə, təkamül eyni fizioloji qərar mexanizmini iki dəfə, bir-birindən asılı olmayaraq yaradıb.