BleepingComputer xəbər verir ki, Danimarkadakı Kopenhagen Universiteti hakerlərin onun test mühitlərindən birinə daxil olduğunu təsdiqləyib. Bu mühitdə 525 min nəfərə aid şəxsi məlumatlar saxlanılırmış.
Universitet hücumu keçən çərşənbə axşamı aşkarlayıb və cümə günü ictimaiyyətə açıqlayıb. Sonrakı yeniləmədə daha 20 min əməkdaş və tələbənin giriş PIN kodlarının da ifşa olunduğu bildirilib.
Araşdırma davam etsə də, tam adların, milli şəxsiyyət nömrələrinin (CPR), telefon nömrələrinin və e-poçt ünvanlarının sızmış ola biləcəyi qeyd olunub. Bu isə fişinq və sosial mühəndislik hücumları riskini artırır. Ehtiyat tədbiri olaraq kampusdakı bəzi kritik yerlərə fiziki giriş məhdudlaşdırılıb və yeni kodlar paylandıqca tədricən bərpa olunur.
Universitetin sözlərinə görə, hücum nəzarətə götürülüb və hakerlərin girişi bloklanıb. Gündəlik fəaliyyəti təmin edən sistemlərə müdaxilə əlaməti aşkarlanmayıb. Hadisə barədə Danimarka Məlumatların Mühafizəsi Agentliyinə məlumat verilib, insident GDPR çərçivəsində də araşdırılır.
Qeyd edək ki, 1479-cu ildə təsis edilən Kopenhagen Universiteti Danimarkanın ən qədim universitetidir. Burada təxminən 36 800 tələbə və 10 700 əməkdaş var, universitetin altı fakültəsi və 200-dən çox tədqiqat mərkəzi fəaliyyət göstərir.
Mənbə: BleepingComputer
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





