Ars Technica "NBC News"-a istinadən xəbər verir ki, ABŞ-da magistral yollarda yük oğruları data mərkəzləri üçün nəzərdə tutulmuş bahalı avadanlıqları oğurlamaq üçün mürəkkəb rəqəmsal üsullara əl atır. Məlumata görə, iyundan bəri oğurlanan belə yüklərin dəyəri 100 milyon dolları ötüb.

Cinayətkarlar əvvəlcə yükdaşıma platformalarında brokerlərin hesablarını ələ keçirir və saxta sifarişlər yerləşdirirlər. Cavab verən yükdaşıma şirkətlərinə zərərli link göndərilir, link açıldıqdan sonra isə hesablar ələ keçirilərək real sifarişlərə təklif verilir.

Bəzən yükü fırıldaqdan xəbərsiz real sürücü götürür, bəzən isə saxta sürücülük vəsiqəsi ilə şərik işə düzəldilir. Sonda mallar oğrularla işləyən sürücüyə ötürülür və yenidən satılır. Ən böyük oğurluqlardan birində izləmə koordinatları saxtalaşdırılaraq rəqəmsal nəzarətin qarşısı alınıb.

Hədəfə adətən serverlər, fiber-optik kabellər, yaddaş çipləri, mis naqillər və bitkoin hasilatı qurğuları düşür. İllinoys ştatında tapılan iki yükdə təxminən 300 min dollarlıq mis naqil və 1 milyon dollarlıq xüsusi enerji təchizatı avadanlığı olub.

Qeyd edək ki, bəzi oğurlanmış mallar geri qaytarılsa da, ən böyük iki oğurluqda heç bir avadanlıq tapılmayıb. Bu hadisələrdə yükləri müşayiət etmək üçün tutulan növbədən kənar polis əməkdaşları da qəsdən vurulub-qaçma hücumlarına məruz qalıb.