GSMArena xəbər verir ki, "Apple"-ın qatlanan smartfonu "iPhone Duo" "YouTube"-dakı "JerryRigEverything" kanalının ənənəvi davamlılıq testindən uğurla çıxmayıb. Kanalın müəllifi Zack cihazı bir neçə dəfə əyərək onun möhkəmliyini yoxlayıb.
Test zamanı smartfon ikiyə bölünməyib, lakin ilk əyilmədən sonra daxili ekranda daimi xətt yaranıb. İkinci əyilmədən sonra daha çox xətt əmələ gəlib, üçüncüdən sonra isə daxili ekran tamamilə sönməsə də, toxunuşlara reaksiya verməyib və istifadəyə yararsız hala düşüb.
Bununla belə, əyilmə testindən əvvəl Zack cihazın menteşə mexanizminə toz, qum və digər hissəciklər doldurub. Onların bir hissəsi içəridə ilişib qalıb və smartfonun tam bağlanmasına mane olub. GSMArena qeyd edir ki, bu hissəciklərin ekran problemlərinə təsir edib-etmədiyini dəqiq demək mümkün deyil.
Mənbənin məlumatına görə, "AppleCare+" xidməti olmadan zəmanətdən kənar daxili ekran təmiri 999 dollara başa gəlir.
Qeyd edək ki, "iPhone Duo" bir neçə gün əvvəl məhdud sayda satışa çıxıb və artıq daxili ekranın zədələnməsi ilə bağlı çoxsaylı şikayətlər yayılıb. Bundan əvvəl "iFixit" smartfonu sökərək qatlanan ekran və menteşə dizaynı ilə bağlı narahatlıqlara toxunmuşdu. Avropada cihazın 256 GB-lıq versiyası 2299 avrodan təklif olunur.
Mənbə: GSMArena
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





