TechCrunch xəbər verir ki, "Grok" süni intellekt vasitəsilə yaradılmış "Odisseya" layihəsinin ilk yeddi dəqiqəsini yayımlayıb. Şirkət bu videonu "Odisseya serialımızın 1-ci epizodu" adlandırıb.

Bundan üç ay əvvəl İlon Mask "Grok"un "tarixi baxımdan dəqiq" tam metrajlı "Odisseya" filmini təqdim edəcəyini açıqlamışdı. Layihə "Wonder Studios" və rejissor Dev Uokerlə birgə hazırlanıb.

Nəşrin redaktoru Entoni Ha videonun gözlədiyindən daha keyfiyyətli alındığını, bəzi kadrların real aktyorlar və real dəniz təsiri bağışladığını qeyd edib. Bununla belə, o, materialda sənətkarlıq və dinamika çatışmadığını, uzun səsli girişin və dialoqların izləyicini cəlb etmədiyini bildirib.

Qeyd edək ki, Mask daha əvvəl Kristofer Nolanın "Odisseya" filmini aktyor seçiminə görə tənqid etmişdi. İyulda nümayiş olunan Nolanın filmi altı ölkədə çəkilib və kassa uğuru qazanaraq aylarla "Imax" seanslarında satılıb. Nolan özünü "texnoskeptik" adlandırır və süni intellektin ictimaiyyət tərəfindən geniş şəkildə rədd edildiyini deyib.