TechCrunch xəbər verir ki, gediş qiymətinin sərnişin və sürücü arasında razılaşdırılması ilə tanınan "inDrive" Çinin "Pony.ai" şirkəti və "Nvidia" ilə birgə Qazaxıstanda robotaksi sınaqlarına hazırlaşır. Tərəflər bu məqsədlə anlaşma memorandumu imzalayıb.

"inDrive"ın texnologiya direktoru Yuri Misnik bildirib ki, testlər 2027-ci ilin birinci yarısında Astanada başlayacaq. İlkin mərhələdə avtomobillərdə təhlükəsizlik operatoru olacaq, son məqsəd isə tam sürücüsüz gedişlərdir.

Plana əsasən, "Pony.ai" yeddinci nəsil robotaksilərini təqdim edəcək, "inDrive" isə onları öz tətbiqi vasitəsilə istifadəçilərə təklif edəcək. "Nvidia" süni intellekt texnologiyalarını, o cümlədən "Hyperion" platformasını və "Halos" təhlükəsizlik sistemini təmin edəcək. Şirkətin fikrincə, hazır platforma robotaksi hazırlanması xərclərini azaldır ki, bu da inkişaf etməkdə olan bazarlar üçün vacibdir.

"inDrive"ın təsisçisi Arsen Tomski Astananın sərt qışının avtonom sürüş texnologiyalarını çətin şəraitdə qiymətləndirmək üçün mühüm imkan yaradacağını vurğulayıb. Təxminən 1,7 milyon əhalisi olan şəhərdə aylarla qar və buz olur.

Qeyd edək ki, Qazaxıstan ötən ay 2027-ci ildə avtonom taksi xidmətlərini istifadəyə verəcəyini açıqlayıb. "Pony.ai" 2026-cı ilin sonuna qədər 20-dən çox şəhərdə 3500-dən artıq robotaksi işlətməyi hədəfləyir. "inDrive" isə 47 ölkədə 1200-dən çox şəhərdə fəaliyyət göstərir.