Mashable xəbər verir ki, "Instagram" tətbiqi "App Store"da yenidən yerləşdirilib və artıq "iPhone", "iPad" ilə yanaşı "Apple TV" üçün də əlçatandır. Bu addım yeni nəsil "Apple TV"nin buraxılışına bir aydan az vaxt qalmış atılıb.

Bu, "Instagram"ın televizor ekranlarına ilk çıxışı deyil. Tətbiqin TV versiyasının sınaqları 2025-ci ilin sonunda "Amazon Fire TV" cihazlarında başlayıb, 2026-cı ilin ortalarında isə "Samsung" televizorlarına yayılıb. Beləliklə, "Apple" yeni TV tətbiqini qəbul edən sonuncu platforma olub.

Ən nəzərəçarpan dəyişiklik ondan ibarətdir ki, "Instagram" smartfonlar üçün xarakterik olan şaquli videolarla yanaşı, televizor ekranına uyğun üfüqi videolar da təklif etməli olub. Platforma həmçinin uzun formatlı videolar, epizodik məzmun, canlı yayımlar və hətta abunə modelini sınaqdan keçirir.

Şirkət qısa videoların böyük ekranda da uğur qazanacağına və birgə izlənə biləcəyinə ümid edir. Bunun üçün kontent yaradıcıları ilə yaxından işləyərək video yükləmə və yayım prosesini sadələşdirməyə çalışır.

Qeyd edək ki, "Instagram" "Meta" şirkətinə məxsusdur. Yeni video formatları platformanı internetin aparıcı video xidməti olan "YouTube" ilə daha birbaşa rəqabətə gətirir.