Wired xəbər verir ki, fan-fantastika (fanfik) əsərləri platforması "Archive of Our Own" ("AO3") "təhlükəsizlik insidenti" səbəbindən müvəqqəti olaraq bağlanıb.

Oktyabrın 29-da saytın administratoru platformanın texniki xidmət üçün dayandırıldığını açıqlayıb. Bildirilib ki, xidmətin tam bərpası dörd həftəyə qədər çəkə bilər, lakin sayt bəzi funksiyaları deaktiv edilmiş məhdud rejimdə daha tez fəaliyyətə başlaya bilər. Sonrakı açıqlamalarda insidentin miqyasının hələ araşdırıldığı vurğulanıb.

Platforma rəhbərliyi istifadəçi məlumat bazasının oğurlandığını düşünmədiyini bildirsə də, istifadəçilərə ehtiyatlı olmağı və sayt üçün şifrələrini dəyişməyi tövsiyə edib.

Saytın bağlanması fanat icmalarında geniş reaksiyaya səbəb olub. Bəzi istifadəçilər əvvəlcədən yüklədikləri hekayələrin linklərini "Google Docs" sənədlərində toplayaraq onları "AO3 apokalipsisi" üçün "sağ qalma bələdçiləri" adlandırıb. Hətta belə sənədlərdən biri yüksək trafik səbəbindən çətinliklə açılıb.

Qeyd edək ki, "AO3" 2007-ci ildə qeyri-kommersiya təşkilatı olan "Organization for Transformative Works" tərəfindən yaradılıb. 2026-cı il məlumatına görə, platformanın 11 milyon istifadəçisi var və orada 18 milyondan çox əsər yerləşdirilib. Keçən il "Heated Rivalry" serialının populyarlığı sayta marağı xeyli artırıb, platformada serialın qəhrəmanları haqqında on minlərlə hekayə dərc olunub.