Tom's Hardware xəbər verir ki, "Anthropic" birjaya çıxmaq (IPO) üçün təqdim etdiyi S-1 sənədində hesablama resurslarının böyük hissəsini müştərilərə xidmətə deyil, tədqiqat və inkişafa sərf etdiyini açıqlayıb.
Sənədə görə, şirkətin ilin ilk yarısındakı 8,9 milyard dollarlıq hesablama xərclərinin üçdə birindən azı müştərilərə xidmət göstərilməsinə gedib. Qalan hissə əsasən modellərin təlimi, tədqiqatlar və "Claude"un şirkət daxilində istifadəsinə yönəlib.
Nəşrin hesablamalarına görə, "Anthropic" bundan əlavə təxminən 800 milyard dollar dəyərində TPU və GPU gücü üçün müqavilələr imzalayıb. Hesablamaya xərclənən hər dollar üzrə gəlir isə 2025-ci ilin birinci rübündəki 0,40 dollardan 2026-cı ilin ikinci rübündə 2,08 dollara yüksəlib. Şirkət bu artımı 12-18 ay əvvəlcədən alınan hesablama gücü ilə əlaqələndirir.
Qeyd edək ki, "Anthropic"in IPO-sunun rəqibi "OpenAI"dan əvvəl baş tutacağı ehtimal olunur. "OpenAI" məxfi qaydada müraciət etsə də, baş direktor Sem Altman şirkətin bu il birjaya çıxmayacağını bildirib. Bu, süni intellekt sahəsində "köpük" yarandığına dair şübhələrin geniş yayıldığı dövrə təsadüf edir. Süni intellekt laboratoriyalarının modellərə xidmət xərclərini qarşılaya bilib-bilməyəcəyi isə hələ də açıq sual olaraq qalır.
Mənbə: Tom's Hardware
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





