The Verge xəbər verir ki, Nyu-Yorkda yerləşən "Tuesday Labs" robototexnika laboratoriyası evdəki gündəlik işləri öyrənib yerinə yetirmək üçün hazırlanmış iki ayaqlı "Voxel" robotu üçün rezervasiya qəbuluna başlayıb. Robotu 200 dollar ödəməklə sifariş etmək mümkündür, tam qiymətinin isə təxminən 20 000 dollar olacağı gözlənilir.

Sifariş üçün təqdim olunan model "Voxel Series-1" adlanır və əsasən humanoid dizayna malikdir. Robot yeddi sərbəstlik dərəcəli iki qolla təchiz olunub, lakin bu qollar barmaqlı əllərlə deyil, daha sadə tutuculatla bitir. Gövdədə gizli stereo RGB kameralar, həmçinin bütün otağı izləyən geniş bucaqlı əlavə kamera yerləşir.

"Tuesday Labs" ev işləri görən "Voxel" robotu üçün sifariş qəbuluna başlayıb
The Verge

"Series-1" dizləri insanınkının əks istiqamətində bükülən Z formalı ayaqlarla hərəkət edir. Bu konstruksiya robota tarazlığı qorumağa, mətbəx şkafları, masa və rəflərin yanında hündürlüyünü dəyişməyə imkan verir.

Şirkətin məlumatına görə, robot evdə səliqə yaratmaq, əşyaları yerinə qoymaq, bitkiləri sulamaq, kitab kimi əşyaları gətirmək işlərini görə bilir. İstifadəçi itmiş televizor pultunun yerini robotdan soruşaraq onu son dəfə harada gördüyünü öyrənə bilər. Bununla belə, ilkin mərhələdə robot yemək hazırlamaq kimi mürəkkəb işləri yerinə yetirməyəcək.

Qeyd edək ki, "Voxel" robotunun 2028-ci ildə istifadəçilərə çatdırılması planlaşdırılır. Döşəmə təmizləməkdən daha geniş ev işləri üçün nəzərdə tutulan robotlar bazarında "Weave Robotics" şirkətinin "Isaac 1" modeli də yer alır.