9to5Mac xəbər verir ki, "Bloomberg" agentliyinin jurnalisti Mark Gurman "Apple"ın 28 oktyabrda keçiriləcək "Pro and Tell" tədbirindən əvvəl sensor ekranlı "MacBook Pro" modelləri haqqında yeni məlumatlar açıqlayıb. Şirkətin ilk dəfə OLED ekranlı, "Dynamic Island" funksiyalı və daha yüngül dizayna malik sensor noutbuklar təqdim edəcəyi gözlənilir.
Gurmanın mənbələrinə görə, "Apple" "M5 Pro" prosessorlu 14 düymlük yeni model üçün 2899 dollar qiymət təyin etməyi müzakirə edib. 16 düymlük versiyanın isə ən azı 3399 dollara satılacağı ehtimal olunur. Bu, iyun ayındakı qiymət artımından əvvəlki qiymətlərlə müqayisədə dörd ay ərzində ən azı 700 dollarlıq artım deməkdir.
Jurnalistin sözlərinə görə, sensor ekranı olmayan mövcud modellər satışda qalacaq və yeni noutbuklar şirkətin məhsul xəttinin ən yuxarı seqmentində yer alacaq. Yeni modellərdə daha nazik korpus və çərçivələr, toxunuş zamanı ekranın tərpənməsinin qarşısını alan yenilənmiş menteşə, həmçinin hava axınını menteşə vasitəsilə yaxşılaşdıran və çəkini azaldan yeni soyutma sistemi olacaq.
Hesabata əsasən, layihəyə təxminən dörd il əvvəl Tim Kuk icazə verib, çünki sensor ekran istifadəçilərin ən çox tələb etdiyi funksiyalardan biri olub. Hazırlanma prosesinə Con Ternus rəhbərlik edib. Əvvəlcədən sifarişlərin 28 oktyabrda başlayacağı, satışların isə 6 noyabrdan etibarən mümkün olacağı bildirilir.
Qeyd edək ki, 2899 dollarlıq qiymət yeni "MacBook Pro" üçün tarixin ən yüksək başlanğıc qiyməti olacaq. Əvvəlki rekord 2006-cı ildə təqdim edilən 17 düymlük modelə məxsus idi və onun qiyməti 2799 dollar təşkil edirdi.
Mənbə: 9to5Mac
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





