"Wired" xəbər verir ki, Böyük Britaniyanın Sərhədlər və İmmiqrasiya üzrə Müstəqil Baş Müfəttişliyi (ICIBI) Daxili İşlər Nazirliyinin sığınacaq müraciətlərini emal edərkən generativ süni intellekt alətlərindən istifadəsini araşdırmağı nəzərdən keçirir. Müfəttişlik bu barədə rəqəmsal hüquqlar təşkilatı "Open Rights Group"dan (ORG) əlavə məlumat istəyib.

Söhbət "OpenAI"ın 2023-cü il "GPT-4" modeli və "Microsoft Foundry" əsasında hazırlanmış "Asylum Case Summarisation" (ACS) və "Asylum Policy Search" (APS) alətlərindən gedir. Onlar sığınacaq istəyənlərlə müsahibələrin və mənşə ölkələri barədə məlumatların xülasəsini hazırlayır. Nazirlik bu alətləri 2024-cü ilin sonunda təxminən 100 min işdən ibarət yığılmanı azaltmaq üçün sınaqdan keçirməyə başlayıb.

ORG-nin altı aylıq araşdırmasına görə, ACS-in istifadəyə yararsız sayılan xülasələrinin payı rəsmi açıqlanan 9 faizlik xəta göstəricisindən xeyli yüksəkdir, APS-in nəticələri isə ümumiyyətlə keyfiyyət yoxlamasından keçmir. İyulda bir britaniyalı hakim nazirliyi mərakeşli qadının müraciətini rədd edərkən süni intellektin "uydurduğu" sənədə istinad etməkdə ittiham edib.

Nazirlik bildirib ki, qərarları təlim keçmiş əməkdaşlar verir, süni intellekt isə yalnız köməkçi rolunu oynayır. "OpenAI" isə modellərinin dəqiqliyini artırmaq üzərində işlədiyini və "GPT-4"ü yanvarda istifadədən çıxaracağını xatırladıb.

Qeyd edək ki, bu alətlər hökumətin alqoritmik vasitələrin dərc olunduğu ictimai reyestrdə yer almır. "Public Law Project" təşkilatının məlumatına görə, reyestrə daxil edilməyən yüksək riskli süni intellekt sistemlərinin sayı 11-dir. Sığınacaq istəyənlərə isə işlərində bu alətlərin istifadə edildiyi barədə məlumat verilmir.