Engadget xəbər verir ki, "PS5SX2" adlı yeni həvəskar emulyator jailbreak edilmiş "PlayStation 5" konsollarında "PlayStation 2" disklərini işə salmağa imkan verir. Proqram açıq mənbəli "PCSX2" emulyatoru əsasında hazırlanıb və 4K miqyaslama, geniş ekran dəstəyi, 60 kadr/saniyə yamaqları, eləcə də HD tekstur paketləri təklif edir.

Bəzi oyunlarda həvəskarların serverləri vasitəsilə onlayn oynamaq mümkündür, nailiyyətlər isə "PS5" kubokları kimi görünür. Lakin konsol CD diskləri oxumadığı üçün CD-ROM-da buraxılmış "Rez" və "Tekken Tag Tournament" kimi oyunları birbaşa diskdən işlətmək olmur. Belə oyunları kompüterdə köçürüb fayl kimi əlavə etmək mümkündür.

Jailbreak edilmiş "PlayStation 5" PS2 disklərini oxuya bilir: bəs qiyməti nədir?
Engadget

Əsas çatışmazlıq ondan ibarətdir ki, jailbreak edilmiş konsolun proqram təminatını yeniləmək olmur, əks halda istifadə edilən boşluq bağlanır. Əsas ictimai jailbreak olan "Relapse" 13.60 versiyasına qədər işləyir. "Sony" bu boşluğu sentyabrın ortalarında 14.00 yeniləməsi ilə aradan qaldırıb, oktyabrın 1-də isə 14.10 versiyasını buraxıb.

Məlumata görə, oktyabrın ortalarından şirkət 14.10-dan köhnə versiyalı konsolların "PlayStation Network"ə girişini bloklayır. Bu isə onlayn oyunlar, "PlayStation Store" və yeni oyunlardan imtina deməkdir. Bildirilir ki, noyabrın 19-da çıxacaq "Grand Theft Auto VI" üçün minimum 14.10 versiyası tələb olunacaq, lakin "Sony" və "Rockstar" bunu təsdiqləməyib.

Qeyd edək ki, PS2 oyunlarını kompüter, "Steam Deck" və ya "Android" smartfonlardakı emulyatorlar vasitəsilə də oynamaq mümkündür. Engadget-in fikrincə, 500 dollardan baha olan konsolu 20 illik disklər üçün riskə atmaq əksər istifadəçilər üçün məqsədəuyğun deyil.