Engadget xəbər verir ki, "The Pokémon Company" beşə-beş formatında döyüş arenası oyunu olan "Pokémon Unite"-ın bağlanacağını açıqlayıb. Oyunun serverləri 23 mart 2027-ci il saat 00:00-da (UTC) söndürüləcək.
"Tencent" şirkətinin "TiMi Studios" studiyası tərəfindən hazırlanan oyun 2021-ci ilin iyulunda "Switch" konsolunda, bir neçə ay sonra isə mobil platformalarda istifadəyə verilib. Oyun platformalararası oynanışı dəstəkləyib, oyunçular hər matçın əvvəlində bir "Pokémon" seçir və personaj oyun boyu inkişaf edərək yeni bacarıqlar qazanır.
Pulsuz yayımlanan oyunda daxili valyuta olan "gem"lərin satışı, eləcə də yeni "Unite Club" üzvlükləri və avtomatik yenilənmələr artıq dayandırılıb. Əvvəl alınmış valyuta bağlanma tarixinə qədər işləyəcək. 12 noyabrda yayımlanacaq son yeniləmə ilə oyuna xüsusi vida tədbiri əlavə olunacaq.
Bundan başqa, oyuna "Library" funksiyası gələcək və bu, istifadəçilərə bəzi oyundaxili əşyalarına xidmət bitdikdən sonra da baxmağa imkan verəcək. Bunun üçün həmin tarixə qədər oyuna daxil olub məlumatları yükləmək lazımdır, məlumatlar cihazda saxlandığı üçün adətən yeni cihaza köçürülə bilmir.
Qeyd edək ki, iyul ayında "The Pokémon Company" oyunun 2027-ci il "Pokémon" Dünya Çempionatına daxil edilməyəcəyini, əvəzində Tokioda ayrıca turnir keçiriləcəyini bildirmişdi. Həmin turnir hələ də planlaşdırılır, seçmə mərhələlər dekabrda başlayacaq.
Mənbə: Engadget
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





